Hicri II və III əsrlərdə ən yüksək inkişaf mərhələsini yaşamış elmlərdən biri də hədis elmidir. Bu dövrə qədər hədislər ya şifahi halda, ya da pərakəndə olaraq yazılı şəkildə mövcud idi. Əməvi xəlifələri tərəfindən hədislərin yazılması və köçürülməsi üzərinə qoyulmuş qadağa bu elmin tərəqqisini ən azı yüz il təxirə salmışdır.
İlk hədis alimlərinin fəaliyyəti yalnız bir sahə ilə məhdudlaşmırdı. Bunlar hərtərəfli biliyə malik, hədis, rical, təfsir, ərəb qrammatikası və s. elmləri mükəmməl mənimsəmiş, zöhd və təqvada məşhur olan insanlar idilər. Bu şəxslər səhabələr və tabiun haqqında öz xatirələrini əsasən şifahi formada gələcək nəslə ötürür, bir növ «rəvayət körpüsü» rolunu oynayırdılar. Bunların ən məşhurları Süleyman ibn Mehran Əməş (vəf. 765 – bütün tarixlər miladi təqvimlə verilir), Əbdürrəhman ibn Əmr Əvzai (vəf. 774) və Süfyan Səvri (vəf. 778-779) idi. Bu təbəqədən olan alimlər arasında İbn Cureycin adını vurğulamaq yerinə düşər. Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc Qureyşi öz zəmanəsində çox məşhur idi. İmam Baqir (ə) və İmam Sadiqlə (ə) görüşmüşdü, Əhməd ibn Hənbəl onu «elm sandığı» adlandırırdı. Bəziləri İbn Cureyci dini mövzuda ilk kitab yazan müəllif hesab etmişlər. Onun «əl-Cami» kitabı Qurani-Kərimin bəzi ayələrinin təfsirini və bir sıra hədisləri əhatə edir. İbn Cureyc 766-768-ci illər arasında vəfat etmişdir.
Abbasilərin hakimiyyətə gəlişindən az sonra hədislərin sistemli şəkildə toplanması və hədis məcmuələrinin tərtibi istiqamətində iş başladı. Yaranan ilk hədis məcmuələri həcmcə kiçik, formaca nisbətən dağınıq və nizamsız idi. Lakin zaman keçdikcə, əldə olunmuş təcrübələr öyrənildi və bu sahədə böyük nailiyyətlər əldə edildi. Təsadüfi deyildir ki, həm əhli-sünnə, həm də şiə aləmində mötəbər sayılan və ana mənbələrdən hesab olunan hədis kitablarının əksəriyyəti məhz təqribən 750-950-ci illər arasında (Abbasi xilafətinin ilk mərhələsi) və bundan azacıq sonrakı dövrdə tərtib edilmişdir.
Hədislərə yaxından baxıldığında, bir birindən fərqli iki əsas qisimdən ibarət olduğu görünür: Sənəd və mətn. Sənəd: Güvənmək, dayanmaq mənasını verən «sənəd» kəlməsi bir hədis termini olaraq mətnin əvvəlində yer alan və biri digərindən almaq və nəql etmək şəkli ilə hədisi rəvayət edən insanların Rəsulullaha (s.a.v.s) çatıncaya qədər sayıldığı qisimdir. Başqa bir sözlə ravilər (rəvayətçilər) zəncirinin adı olub, hədisin Peyğəmbərdən (s.a.v.s) kimlər vasitəsilə və hansı yollarla bizə çatdığını göstərir. Mətn: Sənədin ya da ravilər zəncirinin özündə son olaraq rəvayət edilən əsl hədis qisminə deyilir.
Sağlamlıq yönündən hədislər üç qismə bölünürlər:Səhih, Həsən, Zəif. hadislar
Səhih hədis: Ədalət sahibi ravilərin, yenə eyni vəziyyətdəki ravilər vasitəsilə Peyğəmbərə (s.) qədər çatan dəqiq bir sənədlə rəvayət etdikləri, zəif illəti (xüsusiyyəti) olmayan hədisdir. Bu cür hədislərin Peyğəmbərdən (s.) gəldiyinə hər hansı bir şübhə yoxdur
Həsən Hədis
Lüğətdə «gözəl» mənasına gələn həsən kəlməsi istilahında səhih hədislə zəif hədis arasında yer alan, fəqət səhih hədisə daha yaxın olan hədis növünə verilən addır. Aralarındakı fərq, həsən hədisin ravilərinin vəziyyəti dəqiq olaraq bilinməməklə birlikdə yalançılıqla günahlandırılmamış, dürüst etibarlı olmalarına baxmayaraq hafizələrinin sağlamlığı baxımından səhih hədis ravilərindən daha aşağı dərəcədə olmasıdır. Həsən hədis bu iki xüsusiyyətdən başqa digər xüsusiyyətləri özündə daşıyır.
Zəif hədis
Səhih və ya həsən hədisin daşıdığı şərtlərin birini və ya bir neçəsini daşımayan hədisdir. Hədisin ravisi ədalətindəki qüsur, yaddaşının zəifliyi, sənəddəki qırılma səbəbləriylə hədisin Peyğəmbərə (s.) aid olduğu zəif qəbul edilir.
Qüdsü və Nəbəvi hədis:
Mənası Allaha, ləfzləri isə Peyğəmbərə (s.) aid olan hədislərə «qüdsi» hədis, məna və ləfzi Peyğəmbərə (s.) aid olan hədislərə də «nəbəvi» hədis deyilir. Allah tərəfindən gələn vəhy olmaları baxımından, Quran ayələri ilə qüdsi hədislər arasında bir fərq yoxdur. Lakin Quran, həm anlamı, həm də ləfzi baxımından Allaha aid ikən, «qüdsi» hədis yalnız məna baxımından Allaha aiddir.
Əhli Sünnə məzhəbi xarakterli hədis topluları arasında “Altı Kitab” adlandırılan “əl-Kutub əs-Sittə”nin mühüm yeri vardır. Altı kitabdan ibarət bu hədis toplusuna Buxari və Müslimin “əl-Cə`mi əs-Səhih” əsərləri, İbn Macə, Tirmizi, Əbu Davud və Nəsainin “əs-Sünən”ləri daxildir. Əhli Şiə məzhəbinə aid ən məhşur hədis kitablarına gəlincə, buraya Əbu Cəfər Məhəmməd ibn Yaqub Küleyninin (öl. 939) “əl-Kafi” əsəri, Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babəveyh əl-Qumminin (Şeyx Səduq, öl. 991) “Mən lə yəhduruhu əl-fəqih”i və Şeyx Tusi adı ilə məşhur olan Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusinin “Təhzib əl-Əhkam” və “əl-İstibsar fi məxtulifə min əl-Əxbar” adlı iki əsəri daxildir. Bu kitablar şiələr arasında “Dörd Kitab” (əl-Kutub əl-Ərbəa) kimi tanınır. Bu dörd kitabdan sonra şiə dünyasında məşhur olan digər üç kitab da vardır. Bunlara Feyz Kaşaninin (öl. 1679) “əl-Vafi”si, Hür əl-Amilinin (öl. 1693) “Vəsail əş-Şia ilə təhsil məsəil əş-Şəria”sı və nəhayət Məhəmməd Baqir əl-Məclisinin (öl. 1698) “Bihar əl-Ənvar”ı daxildir. Insallah bu hadis kitablari va hadis alimlari haqda ayri-ayri movzularda sohbat acacayiq.
|